Nar əsasən kol bitkisidir. Bitkinin fizioloji tarazlığını təmin edilməsində, nizamlı və keyfiyyətli bol məhsulun alınmasında, məhsul yığımının, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin asanlaşdırılmasında budamanın böyük rolu vardır. Ağaclar kol, çox gövdəli və tək gövdəli budana bilir. Aqronomların rəylərinə əsasən yanvar-fevral aylarında budama aparılmalıdır.

Tək gövdəli nar ağacları: Tinglər əkildikdən sonra gövdənin aşağı hissəsindən çıxan 3-4 budaqdan biri və ya tingin öz gövdəsi əsas gövdə olaraq götürülür. Tək gövdəli nar ağaclarının məhsuldarlığı yüksək, aqrotexniki qulluğun göstərilməsi daha asand olur. Bu ağaclardan intensiv bağçılığın salınmasında istifadə edilir.

Çox gövdəli nar ağacları: Əkindən sonra gövdənin aşağı hissəsindən çıxan 3-4 budaq əsas gövdə olaraq seçilir. Çox gövdəli nar ağaclarının məhsuldarlığının yüksək olmasına baxmayaraq yığım prosesi zamanı üzləşilən çətinliklər vaxt itgisinə yol açır.

Formavermə budaması - İlk formavermə budaması 2-3 il ərzində ağaclar məhsula düşməmiş aparılır. Əkindən sonra gövdənin aşağı hissəsindən çıxan 3-4 və ya 1 budaq əsas gövdə olaraq seçilir. Seçilən gövdələr 50-60 sm-dən kəsilərək alçaq çətir forması yaradılır. Digər budaqlar tamamilə təmizlənir. 2-ci və 3-cü ildə seçilmiş əsas gövdədən çıxan budaqların təpə hissəsi kəsilir, çətirin formalaşması tamamlanır.

Məhsul budaması - Nar bitkisi 2-ci və 3-cü illərdən etibarən məhsul verir. İlk illərdə aparılan formavermə budaması ilə yaradılan əsas və köməkçi budaqlardan meyvə budaqları çıxır. Çiçəklər bu budaqlarda əmələ gəldiyi üçün uc vurma əməliyyatı məhsul itkisinə səbəb olur. Gövdənin aşağı hissəsindəki budaqlar və çətir hissəsindəki qalın budaqlar kəsilir. Nar bitkisi çox tez çətir əmələ gətirdiyindən çətir daxilində günəş şüalarının düşməsini və havalanmanı təmin etmək üçün seyrəltmə aparılmalıdır.