Mənşə sertifikatı

Sertifikati İqtisadiyyat Nazirliyi nərəfindən verilir.

  1. Sifarişçi Dövlət Xidmətinə ərizə ilə müraciət edir.

Müraciət formaları:

Hüquqi şəxslər üçünFiziki şəxslər üçün


Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

– sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

– sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti;

– sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);

– qaimə-faktura (invoys);

– ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;

– ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materiallar xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənədlər;

– mənşə sertifikatının verilməsinə görə dövlət rüsumunun ödənilməsi haqqında qəbz.


  1. Ərizə və ona əlavə edilmiş sənədlər qəbul edilir və baxılır.
  2. Sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edilmədikdə ərizə və ona əlavə edilmiş sənədlər xüsusi kitabda qeydiyyata alınır.
  3. Ərizə və ona əlavə edilmiş sənədlərin surəti malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün 1 (bir) iş günündən gec olmayaraq İstehlak Mallarının Ekspertizası Bürosuna təqdim olunur.
  4. Büro tərəfindən sənədlər qəbul edilir və xüsusi kitabda qeydiyyata alınır.
  5. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədi ilə göstərilən xidmətlərə görə Büro ilə sifarişçi arasında müqavilə bağlanılır və sifarişçiyə ödəniş tapşırığı yazılır.
  6. Sifarişçi tərəfindən ekspertiza xidmətlərinə görə ödənişi həyata keçirir və müvafiq bank sənədini Büroya təqdim edir.
  7. Təqdim olunmuş sənədlər əsasında Büro tərəfindən 1 (bir) iş günü ərzində malın mənşə ölkəsinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilir. Ekspertizanın keçirilməsi zamanı, həmçinin ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün zəruri olan avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır.
  8. Ekspertizanın nəticələri əsasında iki nüsxədə ekspertiza aktı tərtib edilir. Aktın bir nüsxəsi tərtib olunduğu gün ərzində Dövlət Xidmətinə təqdim olunur.
  9. Ekspertiza aktı əsasında malın mənşə ölkəsi müəyyən edildikdə Dövlət Xidməti tərəfindən 1 (bir) gün ərzində mənşə sertifikatı tərtib olunur, səlahiyyətli şəxsin imzası və Dövlət Xidmətinin möhürü ilə təsdiq edilir və sifarişçiyə verilir.
  10. Ekspertizanın nəticələrinə görə malın mənşə ölkəsini müəyyən etmək mümkün olmadıqda, bu barədə sifarişçiyə Dövlət Xidməti tərəfindən mənşə sertifikatının verilməməsinin səbəbləri göstərilməklə ərizənin təqdim olunduğu tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq yazılı şəkildə məlumat verilir.
  11. Mənşə sertifikatının verilməsi mümkün olmadıqda sertifikata görə ödənilmiş dövlət rüsumu sifarişçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada geri qaytarılır.
  12. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildikdə bu barədə sifarişçiyə ərizənin təqdim olunduğu tarixdən etibarən 1 (bir) iş günündən gec olmayaraq məlumat verilir.
  13. Sifarişçi tərəfindən sənədlər təkrar təqdim edildikdən sonra 3-10-cu bəndlərdə göstərilmiş prosedura uyğun tədbirlər həyata keçirilir və nəticələri əsasında sifarişçiyə mənşə sertifikatının verilməsi (və ya verilməsindən imtina) barədə qərar qəbul edilir.

 

 

Qeyd: Regionlarda mənşə sertifikatını almaq üçün ixracatçılar Dövlət Xidmətinin regional bölmələrinə müraciət edir. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Büronun regional bölmələri tərəfindən, ekspertizanın nəticələri əsasında mənşə sertifikatlarının verilməsi Dövlət Xidmətinin regional bölmələri tərəfindən həyata keçirilir.