Nar kosmetologiyada

pomegranate culture


"Nar kosmetologiyada"

Nar ekstraktı üzərindəki ən son tədqiqatlar onun qırışlara qarşı ən güclü təbii mübarizə vasitələrindən biri ola biləcəyini göstərmişdir; belə ki, bu meyvə yetkin dəridə kollageni məhv edən metalloproteinaza 1 fermentinin formalaşmasının qarşısını alır. Həmçinin, nar ekstraktı dəri fibroblastları tərəfindən prokollagen hazırlanmasını artırır.

Nar esktraktı özünün yaş əleyhinə təsirini həmdə tərkibində güclü antioksidant olan və erkən yaşlanma əlamətlərinə səbəb olan sərbəst radikalları bağlayan polifenolların həddindən artıq yüksək konsentrasiyalarının olmasına borcludur. Nar ekstraktının məhz bu xüsusiyyəti qaralma öncəsi və sonrası qoruyucu vasitələrdə tətbiq olunur, belə ki, polifenollar ultra-bənövşəyi şüaların dəriyə mənfi təsirini əhəmiyyətli dərəcədə azaldır.

Narın meyvələri quru, yorğun və sağlam rəngini itirmiş dəri üzərində əhəmiyyətli dərəcədə nəmləndirici təsirə malikdir. Nar qabığının ekstraktı dərini qidalandırır, yumşaldır və elastik edir. Orqanik turşuların olması ekstrakta yüngül ağardıcı və aşındırıcı effekt verərək ona sağlam görünüş bəxş edir.

Bu ekstrakt lipid baryerini bərpa etmək, iltihablı dərini, psoriaz və ekzema təzahürlərinə malik dərini nəmləndirmək, yumşaltmaq və sakitləşdirmək qabiliyyətinə malik olduğundan, lipid baryeri pozulmuş, həmçinin quru, iltihablı və soyulan dəri üçün çox effektivdir.
 
Fitoestrogenlər, C vitamini, kalsium, dəmirlə zəngin nar ekstraktı  kollagen sintezinə təkan verir, mikrosirkulyasiyanı yaxşılaşdırır, güclü antioksidant təsirə malikdir, dərini nəmləndirir, yumşaldır və hamarlaşdırır, iltihabı aradan qaldırır, piqment ləkələrini açır.

Beləliklə, narın kosmetik xüsusiyyətləri aşağıdakılardır:
- antioksidantdır
- kollagen sintezinə təkan verir
- nəmləndiricidir
- ağardıcı və xəfif aşındırıcıdır
- dərini vitaminləşdirir
- qoruyucudur
- dəriyə elastiklik bəxş edir
- məsamələri daraldır və sebo-tənzimləyicidir
- dərinin lipid baryerini bərpa edir
- qabıqlanmanı və qıcıqlanmanı azaldır

Kosmetikada tətbiqi:
- anti-age vasitələrdə
- quru və yorğun dəri üçün nəmləndirici vasitələrdə
- ağardıcı və aşındırıcı losyonlarda
- qidalandırıcı qış kremləri və zərdablarında
- günəşdən qoruyucu vasitələrdə və solyarium sonrası dəriyə qulluq vasitələrində
- yağlı və sızanaqlı dəri üçün zərdab və müalicə kremlərində
- saç üçün şampun, tonik və maskalarda

Narın unikallığı

Çoxsaylı pre-klinik tədqiqatlar nar flavonoidlərinin bəlli antioksidant və müəyyən fermentləri tormozlayıcı xüsusiyyətlərə malik olduğunu təsdiqləmişdir; məhz bu xüsusiyyətlər sayəsində bu bitkinin müxtəlif hissələrinin esktraktları və onların kombinasiyaları yeni kosmetik vasitələr və bioloji aktiv əlavələrin hazırlanması üçün əsas  təşkil edə bilər; bu kosmetik vasitələr və bioloji aktiv əlavələr təkcə dərinin vəziyyətini yaxşılaşdırmaq və onu ultra-bənövşəyi şüaların zərərli təsirindən qorumaq üçün deyil, həm də bizi müəyyən dərəcədə ürək-damar xəstəlikləri, xərçəng və digər xəstəliklərdən qorumaq üçün nəzərdə tutulmuşdur. Bundan başqa, nar tərkibində yüksək dərəcədə fitoestrogenlər olduğundan, menopauza dövründəki qadınlar tərəfindən ənənəvi hormonal terapiyaya alternativ və ya əlavə olaraq istifadə oluna bilər. Narın və onun ekstraklarının toksikliyi yüksək deyil — bunu istər son tədqiqatlar, istərsə də müxtəlif sivilizasiyaların narın təbabətdə tətbiqi üzrə minillik təcrübəsi təsdiq edir.  

Yaxın gələcəkdə kosmetologiya və təbabətin narın faydalı xüsusiyyətlərindən tam yararlana biləcəyinə ümid edirik.