Bloq

Nar emalı məhsulları
Tuesday, July 1, 2025

Nar emalı məhsulları

Nar emalı zamanı ondan müxtəlif məhsullar əldə edilir: nar şirəsi, nar konsentratı, narşərab, nar turşusu, nar çaxırı, limonad, kompot, nar yağı və s.

Azərbaycan tarixi narçılıq mədəniyyətilə qırılmaz sürətdə bağlıdır. Demək olar ki, Azərbaycanın bütün regionlarında nar meyvəsi ənənəvi olaraq becərilir. 1 litr nar şirəsi istehsal etmək üçün 2,20 kq nar lazım olur. İstehsalın bağlı texnologiya sxemləri oksidləşdirmə proseslərinin qarşısını alır. Müasir konserv zavodlarında məhsul xüsusi, yumşaq, yüksək dərəcəli emala məruz qalır, məhsulun uzun müddətli saxlanılması üçün konservantlar qatılmır.

Fərqli miqdarda nar şirəsi qaynadılarkən, limonad istehsalında istifadə edilən yumşaq və dadlı bir içki əldə olunur. Bundan başqa, Azərbaycanda nardan yeni məhsullar da  istehsal edilir: nar dənəli təbii konservlər, şəkərlə nar dənələri, nar dənələrindən kompot, qarışıq təbii alma və nar şirəsi və s. Bütün bunlardan başqa narın qabığından və dənələrindən başqa sahələrdə də istifadə olunur ( tibb, kosmetologiya, qida əlavələrinin istehsalinda və.s).

Azərbaycan mətbəxinin milli kulinariya markası hesab olunan narşərab, adından göründüyü kimi nar şirəsindən hazırlanmış, adətən balıq və ət yeməklərində, xüsusən kababda ədviyyat kimi istifadə olunan sousdur. Narşərab sayəsində yeməklər yüngül turşməzə dad alırlar. Geniş tətbiqini tapmış narşərab xüsusi qablaşdırılmış şəkildə satılır. Əlbəttə, ev şəraitində hazırlanmış narşərab öz rəng və tam xüsusiyyəti ilə daha da seçilir. Narşəraba bəzən əlavə olaraq keşniş, reyhan, darçın, dəfnə yarpaqları, qara və qırmızı istiot da qatılır. Turş və şirinlik dərəcəsindən asılı olaraq götürülmüş müvafiq növ nar təmizlənərək dənələri bir qazana yığılır.

Adətən 15 kq nardan 1 litr, təxminən 1 kq nar dənələrindən isə 250-300 ml narşərab almaq mümkündür. Qazan od üstündə vaxtaşırı qarışdırılaraq nar dənələri əzilir. Bu zaman qarışdırmaq üçün taxta qaşıqlardan istifadə edilir. Metal qaşıq istifadə edilərsə, bu zaman nar turşusu metal ilə reaksiyaya girə bilər. Dənələrdən ayrılmış tumlar ağardıqda qazan oddan götürülüb süzülür. Süzülmüş şirə yenidən qazanda oda qoyularaq 130-150 dərəcə isidilmiş sobada bəhməz halına gələnə qədər 5 saat bişirilir. Şirənin yanmaması üçün onu vaxtaşırı qarışdırmaq lazımdır. Məhsul qatılaşana qədər (şirə 20 %-ə qədər buxarlandırılır) onu qaynadırlar və hazır olana yaxın odu söndürüb üzərinə bir qədər duz əlavə edirlər. Narşərab bişdikdən sonra soyudulub şüşə qablara süzülür. Uzun müddət istifadəyə yararlı olması üçün işıq düşməyən və sərin bir yerdə saxlanılır.

 

Nar çaxırı - Narın emalından alınan şirənin fermentləşdirilməsi yolu ilə hazırlanır. Orta dərəcədə nar çaxırının istehlak edilməsi orqanizmə yalnız fayda gətirəcək. Nar meyvəsində olan faydalı maddələrin şərabda qorunub saxlanılmasına imkan verən texnologiyaların tətbiqi nar çaxırını müalicəvi və pəhriz xüsusiyyətli içkiyə çevirir. Könül oxşayan qırmızı rəngi və narın meyxoşluğunu damla-damla hiss etdirən nar çaxırı şirin desertlər və meyvələrlə gözəl uyğunluq təşkil edir.

 

Nar turşusu - Təmizlənmiş narların bişirilmə yolu ilə alınır. Nar turşusu əsasən yeməklərdə sous kimi istifadə olunur. Yüksək təzyiq və qan şəkərinə qarşı yararlıdır. 

 

Nar tumunun yağı - Nar tumunun yağı soyuq ekstrasiya ilə alınır. Tərkibində doymamış yağ turşusu göstəricisi (punica asid) yüksək olur. Bu maddə güclü antioksidant olaraq xərçəng hüceyrələrini məhv etmə, qanın tərkibindəki şəkərin miqdarını tənzimləmə və insan dərisinə regenerasiya edici (cavanlaşdırıcı) təsirlərə malikdir. Nar tumunun yağı son dərəcə qidalı və zəngindir. Kosmetik və dərman məqsədləri üçün istifadə olunur. Nar tumu yağının bərpaedici xüsusiyyətləri onu bir çox dəriyə qulluq məhsullarında əvəzedilməz tərkib hissəsinə çevirir. Nar tumu yağı sabun, duş geli, masaj yağları, nəmləndirici və digər dəriyə qulluq məhsulları kimi əksər kosmetik vasitələrin formulasına daxildir. Əsasən Sabinen, Mycenae, Limonene, Alpha Pinene və Terpinenol kimi maddələrdən ibarətdir.

 

Nar qabığı - Limon turşusu, tanninlər və təbii boyalarla çox zəngindir. Soyuq tərkibinə, həmçinin çox sayda pektin maddələr də daxildir. Nar qabıqları ürək üçün çox faydalıdır- ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Xolesterolu azaldır, beta hüceyrələrini artıraraq şəkər, ürək-damar xəstələrinə daha çox fayda göstərir. Pankreas, qida borusu, dəri, bağırsaq, prostat, döş xərçənglərində əks təsir yaradır. Nar qabığının tərkibində olan ellagik turşu xərçəngi də müalicə etməyə yardımçı olur. Evdə özünüz də dəmləyə biləcəyiniz nar qabığı çayı ilə dəri, pankreas kimi ciddi xərçəng növlərinin qarşısını ala və ya müalicə edə bilərsiniz.