pomegranate chairman

Sədrin müraciəti

Hörmətli həmkarlar!


Kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet sahəsi kimi daim diqqət mərkəzindədir. Azərbaycanın kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaq üzərində xüsusi mülkiyyət münasibətləri formalaşmış və kənd təsərrüfatında köklü dəyişikliklər baş vermişdir. Ümummilli liderin ölkənin aqrar bölməsinə göstərdiyi qayğı və diqqət, onun imzaladığı fərmanların tam həcmdə icrası bu gün Prezident İlham Əliyev tərəfindən daim nəzarətdədir. Məhz möhtərəm prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyyəsinə uyğun olaraq Azərbaycanda sahəvi assosiasialar yaradılmışdır ki, bunlardan biri də Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasıdır. Bu dəstəyin praktiki nəticəsidir ki, artıq Azərbaycan narı qlobal arenada öz yerini tutur.
Azərbaycan gözəl, zəngin təbiətə malikdir. Vətənimizin faydalı, dillər əzbəri olan nemətləri çoxdur. Bunlardan biri də nardır. Azərbaycan narı bütün dünyada məşhurdur.
Meyvələrin şahı sayılan nar Azərbaycanın aran bölgəsində "kontinental iqlim" deyilən iqlimə sahib ərazidə yetişir. Gündüzlər bol miqdarda günəş şüaları vasitəsi ilə istilik, gecələr isə böyük Qafqaz daglarından gələn sərin küləyin yaratdığı sərinlik narımıza dünyanın heç bir yerində rast gəlinməyən füsunkar dad bəxş etmişdir.
Qədim dövrlərdən bu günümüzə kimi istər dəbdə, xalçaçılıqda, istər rəssamlıqda, istərsə də incəsənətin digər növlərində elementlərinin orijinallığı ilə seçilən ornament və naxışlarda narın təsvirinə rast gələ bilərik.
ANİİA yarandığı gündən Azərbaycan narının dünyada layiqincə təbliğ edilməsini qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə ANİİA dünyanın ən tanınmış sərgilərində Azərbaycan narının və nardan istehsal olunan məhsulların tanıdılması üçün öz töhvəsini verir. ANİİA ölkəmizin daxilində nar yetişdirən kiçik fermerlərdən iri şirkətlərə qədər hər kəs ilə narın əkilib becərilməsi, aqrotexniki qulluq, məhsul yığımı, saxlanılması, innovativ suvarma sistemlərinin öyrənilməsini və bazarlara çıxışı mərhələsində bir koordinator rolunu oynayır. Assosiasiyamız nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərir və narın dünya bazarında "Made in Azerbaijan" brendi adı altında tanınmasına dəstək verir.
Bilindiyi kimi nar meyvəsinin, şirəsinin və nar şərabın istifadəsindən başqa onun qabığının və tumlarının da hələ qədim zamanlardan müalicəvi xüsusiyyətləri məlumdur. Tərkibində güclü antioksidantların olması, nar qabığı və tumunu farmokologiya və kosmetalogiyada əvəzedilməz bir məhsula çevirmişdir. Bu məhsulların Azərbaycanda istehsalı ANİİA-nın qarşısında duran başlıca məqsədlərdən biridir.


Hörmətli İstehsalçılar və İxracatçılar!
Hər birinizi bizim assosiasiyaya üzv olmağa, xarici bazarlarda məhsulumuzun öz layiqli yerini tutmasında birgə əmək sərf etməyinizə dəvət edirəm.


"Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası"
İctimai Birliyinin sədri                                       Fərhad Qaraşov