Azərbaycanın "şah meyvəsi"nin yetişdirilmə tarixi vətənimizin tarixi qədər qədimdir. Ölkəmizin iqliminin unikallığının da verdiyi üstünlük hesabına narın yetişdirilməsi üçün münbit şərait demək olar ki vətənimizin hər bir bölgəsində mövcuddur. Əsasən yarı-quru mülayim və subtropik iqlimdə yetişdirilsə də, mülayim qış və qızmar yay müşahidə edilən regionlara da təbii yolla uyğunlaşır. Bunun nəticəsidir ki, Azərbaycan"şah meyvəsinin" bütün növlərinin yetişdirildiyi yeganə ölkədir.



Narın Azərbaycanda bu qədər önəmli yer tutmasının nəticəsində ondan geniş çeşidli məhsulların istehsalı zamanı əsas tərkib hissəsi kimi istifadə olunur. Bu qədimdən gələn ənənədir, çünki hələ keçmişdən narın insan sağlamlığı üçün nə qədər faydalı olduğu xalqımıza məlum idi.  Belə ki, nar mədə-bağırsaq xəstəliklərinin müalicəsi zamanı əvəzsiz təsir göstərir. Bundan əlavə, nar qabığından hazırlanmış cövhərdən dizinteriya, enterkolit, pankreatit xəstəliklərinin müalicəsində, bağırsaq fəaliyyəti pozulduqda və bu kimi digər hallarda da istifadə olunur. Buna görə də nar bir çox qida və dərman məhsullarının istehsalı zamanı əsas tərkib hissəsi olur, dadından və faydasından yararlanaraq qida, gözəllik və dərman məhsulları bazara çıxarılır. Bu qeyd etdiyimiz sahələrdən əlavə, nardan həmçinin boyaq və dekorativ maddə kimi də istifadə edilir.  


Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq, əsas məqsədimiz yuxarıda qeyd olunan məhsulların istehsalı və ixracatında sahibkarlara daima dəstək olmaq, onlara konsaltinq xidmətləri təqdim etmək, qarşılaşa biləcəkləri fərqli problemləri aradan qaldırmaqdır. Biz, milli meyvəmizdən istifadə edərək və ilhamlanaraq yaradılan məhsulların hər zaman yüksək keyfiyyətli qalması və ön planda olması ilə əlaqədar tədbirlər həyata keçiririk və gələcəkdə də bu işimizə davam edəcəyik.  Bu kimi məhsullardan ən seçmələrini sizə vebsaytımızda sərgiləmək bizim üçün xüsusi zövqdür.